“Rusiyanın bu hərəkərtləri uşaq cığallığına bənzəyir. Xocalı işğal altında olarkən gedib orda mənasız heykəllər qoyan Rusiya tərəfi onların söküləcəyini bilməliydi. Təkcə Azərbaycan üçün deyil, dünya mədəni irsi üçün heç bir məna kəsb etməyən o heykəllərin söküntüsünə görə ölkəmizi vandal adlandırmaq, yaxud Xankəndinin Azərbaycanın tarixi ərazisi olduğunu yaxşı bildikləri halda ona “Stepanakert” adını yamamaları son dərəcə yersiz, düşüncəsiz hərəkətlərdir”.
Bunu Hafta.az-a açıqlamasında hüquqşünas, siyasi analitik Qulamhüseyn Əlibəyli bildirib.

Q.Əlibəyli Rusiyanın Azərbaycanla münasibətləri gərginləşdirmək mövqeyi tutduğunu deyib. Onun fikrincə, gərginlik Azərbaycanın iradəsindən asılı olmayaraq artır:
“Bu, ötən ilin son aylarında AZAL-a məxsus təyyarənin vurulması ilə başlayıb. Təyyarəni vuran tərəf Rusiya olsa da, bu günə qədər Çikaqo konvensiyasına uyğun olaraq öz təqsirini etiraf eləmir, kompensasiya verməkdən imtina edir və konkret şəxslərin cəzalandırılması ilə bağlı istintaqı əsassız uzadır. Azərbaycan diasporalarına hücumlar, diaspora fəallarının öldrülməsi, tutulması, Rusiyadan qovulması, azərbaycanların üzərinə edilən basqılar, əsassız yoxlanışların aparılması, nəhayət Rusiya siyasətçilərinin “Azərbaycanı bombalayın” hədələri göstərir ki, Rusiya hakimiyyəti vəziyyətin bu həddə gətirilməsində maraqlıdır.
Ekspert Rusiyanın bu narahatlığının Azərbaycanın bölgədə artan nüfuzu ilə bağlı olduğunu deyib:
“Rusiya Azərbaycanın bölgədə söz sahibi olmasını istəmir. Rusiya istəyir ki, bu və ya digər şəkildə keçmiş sovet respublikalarının üzərində öz təsir dairəsini saxlasın. Amma bu cür mexanizmlərlə Azərbaycana təsir göstərmək olmaz. Vaxtilə müxtəlif vəzifələr tutub, daha çox Rusiyanın maraqlarına xidmət edən "5-ci kalon"un bu gün hakimiyyətə təsir imkanları azdır. Vaxtilə Şimal və Cənub bölgələrimizdə Rusiyanın separatçı təsir imkanları olsa da, indi onlar da Azərbaycan hakimiyyətinin əsaslı siyasəti nəticəsində demək olar ki, darmadağın edilib".
Ekspert bu cür separatçı hərəkat meyllərinin daha çox xaricdən nümayiş olunduğunu deyib. Qeyd edib ki, Rusiyada yaşayan bölgə sakinlərinin də bəzən bu cür hərəkata qoşulduğu görünür:
“Amma onların heç bir təsiri yoxdur. Əvvəla Azərbaycan öz ərazilərində suverenliyi, sərhəd bütövlüyünü təmin edib. Rusiyanın sülhməramlı ordusu Azərbaycandan çıxarılıb. Bu gün Rusiya TASS-la ölkəmizə qarşı hibrit -informasiya müharibəsi aparsa da, unudur ki, informasiya müharibəsi ilə hər hansı bir dövlətə təsir edib, onu öz istəklərinə boyun əydirmək mümükünsüzdür. Xüsusilə də Azərbaycan kimi bölgənin lideri, söz sahibi, Türkiyə, Pakistan, Türk Dövlətləri Təşkilatında strateji əməkdaşlığı olan bir dövlətlə bu siyasəti udmaq olmaz. Ona görə də Rusiyanın Azərbaycanın tarixi ərazisini erməni adı ilə adlandırması, işğal vaxtı qoyduqları heykəl söküldüyünə görə ölkəmizi vandallıqda ittiham etməsi əhəmiyətsiz və cılızdır. Bu, Rusiya hakimiyyətinin isterika vəziyyətində olduğunu göstərən amildir”.
Q.Əlibəylinin fikrincə, bu davranışların sətiraltı mənaları da ola bilər - hakimiyyət dəyişikliyinə cəhdlər edilə və hərbi təhlükə yarada bilərlər:
“Çünki rus siyasətçiləri müxtəlif bəhanələrlə Azərbaycanı bombalamaq iddiasını əbəs yerə qaldırmayıblar. Bu davranşlarla sadəcə azərbaycanlıların əsəsbləri ilə oynayırlar. Hər bir halda ehtiyatlı və hazırlıqlı olmalıyıq”.